Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvan Muxtar Respublikası  Dövlət Statistika Komitəsi haqqında

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi muxtar respublikada statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.

Arxiv materialları və tarixi sənədlərlə tanışlıq göstərir ki, əvvəlki dövrlərdə muxtar respublika ərazisində qeyri-müntəzəm statistika fəaliyyəti mövcud olsa da mərkəzləşdirilmiş rəsmi statistika fəaliyyəti 1924-cü ildə təmin edilmişdir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1924-cü il 6 mart tarixli qərarı ilə Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi yaradılmışdır. İdarənin tabeçiliyi və adı bir neçə dəfə dəyişdirilmiş, 1931-ci ildə Naxçıvan MSSR Dövlət Plan Komitəsi nəzdində Xalq Təsərrüfatının Qeydiyyat İdarəsi, 1934-cü ildə Naxçıvan MSSR Xalq Təsərrüfatı Uçotu İdarəsi, 1946-cı ilin mart ayından isə yenidən Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi adlandırılmışdır.

Ölkəmizin müstəqilliyinin əldə olunması və bazar iqtisadiyyatına keçid ümumilikdə rəsmi statistikanın strukturunu və iş prinsipini dəyişmiş, yeni fəaliyyət istiqamətləri önə çıxmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il 3 aprel tarixli 33-XII nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmış, bu yeni strukturun hüquq və vəzifələri daha da artırılmışdır.

1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 6 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə Komitənin yeni Əsasnaməsi təsdiq edilmiş, onun əsas fəaliyyət istiqamətləri, vəzifə və hüquqları müəyyənləşdirilmişdir. 

2004-cü ildə Kəngərli Rayon Statistika İdarəsi, 2009-cu ildə Naxçıvan Şəhər Statistika İdarəsi yaradılmış, Komitə Aparatına yeni ştat vahidləri verilmişdir. 2010-cu il 22 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin və Naxçıvan Şəhər Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 5 mart 2025-ci il tarixli 15 nömrəli Qərarı ilə Komitənin Aparatı və onun yerli orqanlarının yeni ştat say həddi müəyyənləşdirilmişdir. 

Hazırda muxtar respublikada Dövlət Statistika Komitəsi sistemi Aparatdan, 8 rayon (şəhər) statistika idarəsindən ibarətdir.

Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi məqsədilə 7 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012, 2013-2017, 2018-2025 və 2026-2030-cu illəri əhatə edən) təsdiq edilmişdir.